Petrovkadakı Moskva Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılmışdır. Rusiya Rəssamlıq Akademiyasının himayəsi ilə təşkil olunmuş sərgidə rəssamın son üç ildə yaratdığı 80-dən çox portret, natürmort, ornament və animalist işlər nümayiş etdirilir.

Bu, son 25 ildə Moskvada Azərbaycan rəssamının (və ümumiyyətlə, müasir xarici rəssamların) ən böyük fərdi sərgisidir. Özü də qeyd-şərtsiz demək olar ki, bu sərgi əsl kəşfdir. Qeyri-adi iş qabiliyyətinə malik olan, rəsm çəkməyi həyatının mənası hesab edən parlaq istedadın kəşfidir.

İyirmi bir yaşı bu il yayda tamam olacaq Məryəm Ələkbərlinin işlərində Matiss və Qogenin yaradıcılığının təsiri hiss olunur. Çox güman ki, bu təsir təxminən bir il bundan əvvəl, Məryəm Ələkbərli Parisdəki Ali Dekorativ İncəsənət Məktəbində oxumağa başlayandan sonra başlamışdır. Məryəmin “Frida”, “Çəhrayı rəqs”, “Qogenin qızları” kimi işlərində ona əvvəllər tanış olmayan yeni bədii aləmi kəşf etməyin sevinci duyulur. Rəssamın əvvəlki işlərində onun 1900-1910-cu illərin rus avanqardı ilə, habelə Azərbaycan rəngkarlıq ənənələri ilə tanış olmasını hiss etmək mümkündür (bunun üçün Məryəm Ələkbərlinin “Ornament” (2008-ci il) və ya “Ayı və qızılgüllər” (2011-ci il) əsərlərinə tamaşa etmək kifayətdir). Hiss olunur ki, Məryəmin Bakıda və Moskvada təhsil aldığı dövrdə gərgin zəhməti hədər olmamışdır. Lakin gənc rəssamın ətraf aləmə və onun həyatına daxil olan incəsənətə münasibətdə təbii həssaslığına, ilbəil püxtələşən sənətkarlığına baxmayaraq, Məryəm Ələkbərlinin gerçəkliyi qavramaq və ifadə etmək prosesində nümayiş  etdirdiyi heyrətamiz qətiyyət onun yaradıcılığını bənzərsiz edir.

Adətən, rəngkarların və rəsm çəkənlərin ustalığı, peşəkar səriştəsi artdıqca, böyük sələflərindən əxz etdiyi bədii üsullar ehtiyatı zənginləşdikcə, çox vaxt onlar yalnız dahi sənətkarlara xas olan keyfiyyətləri – yaradıcılıq təravətini, dünyanı uşaqlara xas olan saf bir sadəlövhlüklə qavramaq qabiliyyətini itirirlər.

Xarici və daxili varlığın qavranılmasında bu saflığı qoruyub saxlamaq, yüksək peşəkarlığa nail olmaq yalnız say-seçmə insanlara, Məryəmin də, şübhəsiz, mənsub olduğu sənətkarlara nəsib olur. Onun üçün rəngkarlıq gerçəkliklə kommunikasiyanın yeganə vasitəsi olmasa da, bu əlaqənin ən mühüm vasitəsidir. Məhz bu səbəbdən, onun yaradıcılıq eşqi, fırça ilə daim işləmək istəyi, işıq, rəng və məkan musiqisinin şəxsi anlamını kəşf etmək arzusu bu qədər güclüdür. Şüurlu və qeyri-şüurlu elementlərin dərinliyi bədii sənətdə həmişə insanı heyran edir.

İşıq və kölgə onun üçün hər şeyin başlanğıcıdır. Onun əsərlərində rəng və forma ilk növbədə işığın dəyişməsi kimi təzahür edir. Fransalı sənətşünas, müasir incəsənət tarixçisi Tyerri Düfren Məryəmin yaradıcılığını təhlil edərək yazmışdır: “İşıq hər şeyin başlanğıcı, ilkidir, işıq – həyatdır. Məryəm bunu çoxdan başa düşmüşdür. Mən onun rəsmlərini və abstrakt kompozisiyalarını ilk dəfə görəndə dərhal başa düşdüm ki, o, öz işləri ilə nəyi sübut etmiş və nəyi sübut etməyə çalışmışdır. Bu, ilk səbəblərə qayıdışdır. Məhz həmin anda bütün formalar yalnız işıqdan ibarətdir və buna görə də onlar bərabərhüquqludur. İnsanlar, heyvanlar, bitkilər, minerallar arasında fərq yoxdur. Yalnız hər şeyə üstün gələn işıq hissi vardır”.

Məryəmin rəsm əsərlərində və qaralamalarında rəngin kəskin ifadəsi işığın məhz bu cür ecazkar, ilahi tərzdə qavranılmasından irəli gəlir. Təsadüfi deyil ki, almaniyalı sənətşünas, Berlin Rəssamlıq Akademiyasının əməkdaşı İnqe X.Şmidt keçən il bu gənc azərbaycanlı rəssamın Berlində sərgisini açarkən onun yaradıcılığının bu keyfiyyətini xüsusi qeyd etmişdir: “O, çox gözəl rənglər seçir. Bu əlavə təzad rəngləri onun işlərində nəcib tonlar yaradır. Rənglərdən başı çıxan hər kəs bilir ki, əlavə tonlar daha yaxşı effekt yaradır. Məryəmin işlərində sarı və yaşıl rənglər ilk növbədə, diqqəti cəlb edir. Aydındır ki, Məryəm bu rəngləri intuitiv olaraq seçir, onun xüsusiyyəti məhz bundan ibarətdir. Onun intuitiv etdiklərini öyrənmək üçün başqa rəssamlara illərlə vaxt lazımdır. Bu, mənim üçün bir növ ağlasığmazdır”.

Məryəmin yaradıcılığı ilə tanış olan bütün peşəkarların qeyd etdiyi bu intuitiv istedad onun tale payı, bəlkə də Tanrının seçilmiş bəndəsi olması ilə bağlıdır. Bunlar Məryəmin dünya və insanlarla xüsusi münasibətindən irəli gəlir. Rəssamlar, xüsusən gənc yaşlarında özlərini bu dərəcədə parlaq göstərənlər adi insanlardan həmişə fərqlənirlər. Lakin Məryəm sanki Tanrının ikiqat seçilmiş bəndəsidir. Anadangəlmə Daun sindromu onun həyat yolunu qabaqcadan müəyyən etmişdir. Yaxınlarının, həkimlərin, pedaqoqların sevgisi, onların gərgin mənəvi və peşəkar zəhməti bu tale yazısında onun dünyaya gəlməsinin gizli və ali mənasını üzə çıxarmışdır. Məhəbbət sanki onun yaradıcı istedadını buxovlardan azad etmiş, onun oyanmasına kömək etmişdir. Məryəm Ələkbərli bu sevgini sadəcə qəbul etməmiş, onu öz əsərlərində əks etdirərək gözəllik harmoniyası ilə bərabər, hissə-hissə qaytarmışdır. Məryəmin Moskvadakı sərgisinin kuratoru Olqa Sviblova, Moskva Müasir İncəsənət Muzeyinin direktoru Vasili Sereteli, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, vernisaja gəlmiş bir sıra peşəkarlar Məryəmin işlərini əsl bədii kəşf adlandırmışlar. Bu sözlərdə heç bir üzgörənlik, onun həyatda keçdiyi xüsusi yola görə güzəşt yoxdur.

Rəssamın göylərdə səslənən musiqini öz daxilində kəşf etməsi və bunu bizim hamımız üçün açıqlamasının ona nəyin bahasına başa gəldiyini biz heç vaxt bilmirik. O, bizim hamımızın təmsilçisi kimi göylərlə birbaşa söhbət edir. Eynəklərinin dəyirmi şüşələri arxasından dünyanı diqqətlə və saf baxışlarla seyr edən bu gənc rəssama baxdıqca mən xəyalən onun valideynlərinə və onu sevən insanların hamısına dönə-dönə təşəkkür etdim ki, onlar dünyanın şəfqətini onun üçün kəşf etmişlər.

 

Artıq 150 ilə yaxındır ki, Dostoyevskinin “gözəllik dünyanı xilas edəcək” ifadəsi öz aktuallığını itirmir. Məryəm Ələkbərli haqqında danışanda istər-istəməz bu ifadəni həm onun yaradıcılığı həm də həyatı ilə əlaqələndirirsən. Məryəmin kitabını ələ alanda ondan ayrılmaq olmur. Kitab müəllifə və onun toxunduğu hər bir şeyə məxsus inanılmaz dərəcədə güclü və işıqlı bir enerjisi ilə insanı özünə cəlb edir. Əsərlərinə tamaşa edərkən impressionizmdən tutmuş rus və Avropa avanqardına, neo-primitivizmdən tutmuş abstraksiyayadək incəsənət tarixinə bir səyahət edirsən və eyni zamanda dərk edirsən ki, bu, özünün mövzuları olan tamamilə fərdi bir aləmdir. Həmin mövzular inkişaf etdirilir və Məryəm onlara yaradıcılığının bir neçə ili ərzində müraciət edir.

Məryəmin yaradıcılığında duyulan unikal və yalnız ona xas olan plastika emosional əhvalın son dərəcə ifadəli artikulyasiyası ilə insanı valeh edir. İşlərinə aid qeydlər də sonsuz dərəcədə təsirli və bir o qədər də dəqiqdir. “Qırmızı fonda kədərli kenquru”, “Tənha inək”, “Acıqlı timsah”, “Şən şir”… Olduqca çox sayda rəssam bu sənətə yiyələnərək peşəkar karyera qurmaq məqsədilə incəsənətə gəlir. Məryəm isə incəsənət ilə yaşayır və incəsənətin içində yaşayır. O, incəsənət vasitəsilə özünü kəşf edərək onu dünya ilə ünsiyyətinin başlıca vasitəsinə çevirib. Bəlkə də məhz buna görə onun bədii mesajı bu qədər qüdrətli və inandırıcıdır.

Sanki, rəng və kompozisiya duyumu onda təbiətdən bir vergidir. Lakin, ilk öncə Məryəm rəsmlər vasitəsilə özünü ifadə edərkən büruzə verən azadlıq insanı heyran edir. Bu azadlıq böyük etibara əsaslanır – dünyaya, insanlara və özünə olan etibara. Məryəmin bədii dünyası sürətlə inkişaf edir. Bu sadəcə yeni mövzu və süjetlərin yaranması deyil, həm də ustalığının təkmilləşdirilməsi, yeni texnikaların istifadəsi və başqa formatlara çıxmasıdır. Fransız muzeylərində üzünə açılmış böyük sənətkarların sənət xəzinəsi Məryəm üçün doğma evində onu əhatə edən təbiət və maddi dünya qədər ilham mənbəyinə çevrilir. Bu minvalla da “Qogenin qızı”, “Frida”, “Çəhrayı rəqs” və digər rəsmlər ərsəyə gəlir.

Məryəmin cəmi 21 yaşı var. Onun qeyri-adi zəhmətsevərliyi və yaradıcılıq enerjisi bizə bundan sonra da yeni-yeni bədii kəşflər vəd edir. Keçdiyi həyat yolu isə nəinki özündəki kimi əlavə bir xromosomu olan insanlara, ümumiyyətlə bizim hamımıza yaşamaq və xoşbəxt olmaq üçün ümid bəxş edir.

Məryəmin kitablarına həyatımda ən münasib olmayan bir zamanda rast gəldim. Həmin dövrdə fotobiennale keçirilirdi və biz paytaxtın bütün ən iri sərgi salonlarında 75 müxtəlif fotosərgi açırdıq. Yəni həyatdan, dünyadan, insanlardan tamamilə təcrid olunaraq, diqqətini yalnız proqram üzərində cəmləşdirdiyin bir vaxtda, gecələr montajla, gündüzlərsə açılışlarla məşğul olduğun  bir zamanda. Və məhz belə bir məqamda onlar mənim yaşıl masamın üzərində peyda oldu.  Onları mənə olduqca nəzakətli qaydada Azərbaycanın Moskvadakı Səfirliyi göndərmişdi. Bunu heç bir şey bildirmədən, hətta qabaqcadan xəbər belə vermədən etmişdilər. Mən sadəcə gələndə o kitabları gördüm. Onlar mənim masamın üzərində idilər və alışıb yanırdılar. Elə rənglərlə alışırdılar ki, doğrudan da  hansısa enerji saçırdılar. Heç mənə heç kim deməmişdi ki, onlara baxmaq lazımdır. Mən də əlbəttə qeyri-ixtiyari onlara tərəf uzandım. Və onları açanda mən qəribə bir hiss keçirdim. Qarışıq bir duyğu idi. Bir tərəfdən heyranlıq hissi idi ki, mən hansısa vəhşi, ağlasığmaz bir… – Biz fovizmdən danışa bilərik, rus avanqardından danışa bilərik, hardasa impressionizmdən danışa bilərik, bədii enerjinin və eyni zamanda həm forma həm də rənglərin istifadəsindəki fantastik azadlığın hansısa son dərəcə güclü ifadəsindən danışa bilərik. Digər tərəfdən başa düşə bilmirdim ki, necə ola bilər ki, mən bu rəssamı tanımayım. Görəsən onu hardan tapa bilərdilər. Axı biz bilirik ki, vaxtilə Paris, Nyu-York yaxud Berlində yaşamış bütün rus avanqardist rəssamlar artıq bu və ya digər dərəcədə kəşf olunublar. Bəs bu kimdir? Nəticədə mən şəkilləri vərəqləyərək baxmağa və Məryəmin hekayətini oxumağa başladım. Və bu artıq ikinci dayanacaq oldu. O anda sanki ürəyin çırpınmağa başlayır və anlayırsan ki, bu, o insandır ki, öz həyatı və yaradıcılığı ilə bir daha və bir daha göstərdi ki, hər birimizin istənilən an qarşılaşa biləcəyi bütün diaqnozlar, ətrafımızdakı insanların başına gələn hər bir şey… Axı bəzən, biz onların üzünə belə baxmır, gözlərimizi aşağı salır və kənara aparırıq. Onlar başqadırlar. Bunu aşmaq çox çətin olur, ələlxüsus da Rusiyada. Çünki, Fransada mən həmin diaqnozlu – əlavə xromosomlu insanlarla normal olaraq qarşılaşıram, onlar muzeydə olurlar. Və biz görürük ki, Məryəm də Parisə gələndə getdiyi birinci məkan muzey olub. Onun işlərində bu açıq-aşkar hiss olunur. Çünki, onun “Qogenin qızı” əsəri… Fikrimcə, Qogen yaradıcılığının tədqiqatçıları tərəfindən yazılmış onlarla kitab da Qogenin aləmi haqqında Məryəmin təbii bənövşəyi boyalarda işlədiyi “Qogenin qızı” adlı rəsm qədər təsəvvür yaratmayıb. Axı onu hələ özündə bu qədər yığmaq, sıxmaq, cəmləşdirmək və bizə qaytarmaq lazım idi. Əlbəttə artıq bundan sonra mənə zəng etdilər və  soruşdular ki, bu sərginin kuratoru olmağa razılıq verərəmmi. Mən hesab edirəm ki, bu böyük şərəfdir. Şadam ki, bu sərgi Moskvanın gözəl muzeyində – Müasir İncəsənət Muzeyində baş tutur. Hətta biennalenin ortasında keçirilsə belə, mənim üçün, sanki tamamilə başqa, inanılmaz bir yerə düşməkdir. Bunları asdıqca belə hiss keçirirdim ki, mənə heç nədən hədiyyə veriblər.

2010-cu ildə yayın sonlarında Berlində İbrahim Əhrari mənə qalın bir kitab verdi. Bu kitab Bakılı gənc rəssam qız Məryəmin kitabıydı. Onun haqqında heç nə bilmirdim. Kitabın səhifələrini vərəqlədikcə önümdə başdan-başa fədakarlıq, canlılıq, xəyal gücü və insani səmimiyyət dolu bir dünya qurulurdu. Heyran qalmışdım.

Berlin Sənət Akademiyasında tez-tez tələbələrimə effektsiz, niyyət güdməyən və xətasız, eləcə öz-özünə içimizdən doğan tablolardan, “dürüst rəsmlərdən” bəhs edirəm. Əgər o vaxtlar Məryəmin kitabı əlimdə olsaydı, onlara bu kitabı göstərər və deyərdim: “Baxın və Məryəmdən bir şeylər öyrənin!”.

Bundan bir neçə ay sonra Bakıya, Məryəmin doğulduğu şəhərə getdim. Onun çəkdiyi rəsmləri bir daha gördüm, hətta bir neçə əsərini sərgi üçün seçib götürdüm. Məndən Məryəmin yeni kataloqu için nə isə yazıb yaza bilməyəcəyimi soruşdular. Öncə bunun çətin olacağını düşündüm, çünki Məryəmi tanımırdım. Ancaq sonra rəsmlərinin orijinallarını gördüm.

Onun hər bir rəsminə diqqətlə və böyük sevinc içərisində baxdım və sonra həmin yazını yazmaq artıq mənim üçün çox asan idi. Heyrətamiz olan bu rəsmlərin insanın iliyinə, canına necə işləməsiydi. Məryəm rəngləri böyük sevgiylə qarışdıraraq hər bir tablosunda elə bir harmoniya yaratmışdır ki, onun təsir gücünü qiymətləndirmək mümkün deyil. İstər aslan, at, tülkü olsun, istərsə başqa bir heyvan, hamısının rəsmi eyni sevgiylə yaradılır. Üstəlik neçə dəfə rəsm edilmiş olursa olsun, hər səfərində siz eyni sevgini hiss edəcəksiniz. Hər bir rəsmdə özünəməxsusluq var. Bütün bunları onun çiçək rəsmləri haqqında da söyləmək olar. O zaman düşünürdüm ki, Məryəmlə bəlkə də heç vaxt tanış ola bilməyəcəyəm yaxud bəlkə buna heç gərək də yoxdu. Çünki çəkdikləri Məryəmlə bağlı nə var, yəni o nə görür, nə hiss edir və içərisində nə fırtınalar qopur, hamısı haqda o qədər çox şeylər danışır ki! Məryəm mənim yaxın dostuma çevrildi. Adama elə gəlir ki, Məryəm hər halda dünyaya başqa bir gözlə baxır. Beləcə, içərimizdəkilərdən bəzilərinin heç fərqinə vara bilməyəcəkləri o xariqüladə gözəl şeyləri görməyimizə yardımçı olur.

Sonra may ayının 4-də Məryəmin Berlindəki sərgisini açdım. Burada çıxışımda Məryəmin öz əsərlərində görünməmiş yenilikdə qeyri-adi rənglərdən istifadə etdiyini xüsusi vurğuladım. Məryəmin rəsmləri son dərəcə səmimidir, ürəklə yaradılıbdır, bu rəsmlərlə insan arasında bir tək əl və fırçanın olduğuna inanmaq olduqca çətindir.

O, qeyri-adi gözəl rənglər seçir. Çox kontrastlı olan bu rənglər Məryəmin rəsmlərində yenidən və yenidən nəcib tonlarda təzahür edir. Rənglərdən baş çıxaran hər kəs qarışıq rənglərin daha böyük təsir gücünə malik olduğunu bilir. Məryəmin rəsmlərində hər şeydən əvvəl sarı və yaşıl rənglər gözə çarpır. Heç şübhəsiz, Məryəm bu rəngləri öz fəhminin gücüylə, intuitiv olaraq seçir, bax Məryəmin özəlliyi də məhz elə bundan qaynaqlanır. Məryəm başqalarının illər boyu öyrəndiyi şeyləri fəhminin gücüylə edir, bu mənim heç xəyalımdan belə keçirə bilməyəcəyim bir şeydir.

Məryəmin dünyanı özünəməxsus nəzərlərlə görməsini əsərlərinin mükəmməlliyi olaraq qəbul edirəm. Bunlar mənim üçün maraqlı, daim axtaran və dürüstlüklə dolu uşaq nəzərləridir ki, bu da özlüyündə son dərəcə gözəl və mükəmməldir.

Fikirlərimi böyük rəssam Pikassonun sözləriylə tamamlamaq istəyirəm. O deyirdi: “Uşaq ikən Rafael kimi çəkirdim, amma uşaq kimi çəkə bildiyimi göstərməyim üçün mən bir ömür boyu çalışmalı oldum”.

Uşaqlar “Nə üçün göy üzü mavidir?”, “Nədən yarpaqlar sarıdır?”, “Nəyə görə otlar yaşıldır?” deyə soruşarlar. “İşıq sayəsində” deyə böyüklər də heç düşünmədən onlara cavab verərlər. Çünki hamımız işığın övladlarıyıq. İşıq sözün həqiqi və məcazi mənasında, gündəlik həyatımızın hər bir guşəsinə nüfuz etmişdir. Biz ilahi enerjisi sayəsində bu dünyanı olduğu kimi görür və yaşayırıq. Bizlər bu enerjini canımıza çəkir və eynən oksigen yaradan bir ağac kimi, bizi əhatələyən əşya və hadisələrin üzərinə onu inikas etdiririk. İşıq dünyanı görməyimizə və dərk etməyimizə yardımçı olur. Çünki əks etdirdiyi yerdə, gözlərimiz önündə minlərlə rəng və çaları canlanır. Başqa sözlə, işıq başlanğıcın ta özüdür, ilkinlikdir, həyatdır.

Məryəm bunu çoxdan kəşf edibdir. Məryəmin rəsmlərini və abstrakt kompozisiyalarını ilk dəfə görən kimi çəkdikləri vasitəsilə nə etmək istədiyini və nəyi anlatmağa cəhd göstərdiyini anladım. Bu, başlanğıca, ilkin olana bir dönüş idi. Bütün formaların sadəcə işıqdan ibarət olduğu və bu üzdən də bərabər olduqları ana geri dönüş. İnsanlar, heyvanlar, bitkilər və minerallar arasında heç bir fərqlilik yoxdur. Sadəcə hamımızın varlığımızı əhatə edən heyrətamiz işıq duyğusu var. Sonra isə bu işıqdan şəkilləri, rəngləri və elementləri bir-birindən fərqləndirən xırdalıqlar doğur. Çünki Məryəm bizim gördüyümüz rəngləri bütün əlvanlığı ilə və formaları bütünlüklə ortaya çıxaran bir rəssamdır. Kompozisiyalarının labirintində, monoxromatik əsaslar üzərində çəkilmiş rəqəmlərdən, yaxud xalçaların zərif ilmələrindən göründüyü kimi, Məryəm rənglərin uyarlığını sevir. O əgər bir naxış çəkirsə, bu zaman heç bir formanın başqa formaya zərər yetirməsinə yaxud onun üzərində hakim olmasına imkan vermir. Ailəsinin və qardaşının isə şəklini çəkərkən işıqlı gerçəklik motivinə uyğun hərəkət edir, onların bir yerdə və bərabər rəsmini yaradır.

Heç diqqət yetirdinizmi, bu daxili vəhdəti o, xüsusi diqqətlə bir araya gətirilmiş yuvarlaq formaların göstərilməsi yoluyla ifadə edir?! Çevrə, yuvarlaq çay masaları, güldanın içində canlı rənglərdəki bitkilər və onlardan bağlanmış işıltılı çələng, Novruz bayramının rənglərinə boyanmış yumurtaların dəyirmi biçimləri… Ya da gözlər və baxışlar, Göy qurşağı və bir aslanın gur yalı…

Bütün bunların başlanğıcında Günəş dayanır. Məhz onun işıqlı ahəngindən Məryəmin ağ rəng çaları oyandıran, yaşıl rəngi və təbiətin qızıla çalan sarı çalarlarını gücləndirən canlı, göz oxşayan buketləri, zanbaqları, günəbaxanları doğulur. Məhz o, dənizin sularını aydınladır və içindəki rəngli balıqların üzərinə nur saçır.

Bəlkə də özü özünü anladan ən canlı rəsm – ətrafında oturan uşaqların gözlərinin projektorların bütün işığının üzərlərinə tuşlandığı heyvanlar və ya akrobatların çıxardığı oyunlara yönəlmiş olduğu sirk səhnəsidir.

Bu səhnə yuvarlağı hər şeyi, gözləri, rəngləri, bütün diqqəti özündə birləşdirir. O özü də yenə bir çevrədən, göz bəbəyindən, gözdən və baxışdan ortaya çıxır. Tez-tez özünün də rəsmini çəkən rəssam Məryəmin baxışından. Bu onun obyektivdən işığın qızılı-sarı kəsiminə yönəlmiş gözləridir, həmin gözlər ki, sadəcə təbiətdə bilinən şəkliylə əşyaların forma və konturlarını öz içərisinə alaraq bizə məhz bu şəkildə çatdırmağa qadirdir.

Məryəmin albomunu vərəqlədikcə məndə belə bir hiss yaranırdı ki, elə bil, onun bu sadə və iddiasız rəsmləri, rəngləri bir maqnit cazibəsi ilə bizi mütləq doğmalardan çıxarır və düşündürür, akvarelə bürünmüş zərif bir kədərlə, qüssəylə xoşbəxtliyimizin və bədbəxtliyimizin də, qayğılarımızın, istək və ümidlərimizin də, əslində, tamam şərti və nisbi olduğunu bir daha bizə göstərir.

Məryəm balıqları çəkir. Həyatda belə balıqlar yoxdur, daha doğrusu, həyatda Məryəmin gördüyü balıqları görə bilmirik. Ancaq o balıqların rəngi, onların üzdüyü dəniz sularının göyü, yaşılı, sarısı məndə elə bir təəssürat yaradırdı ki, mən bu balıqları görmüşəm, bu qəribə rəngli dəniz suları da canlı bir varlıq kimi, mənim köhnə tanışımdır. Sadəcə olaraq, mən o balıqları bəlkə də keçmişlərdə qalmış yuxularda görmüşəm, o qəribə rəngli dəniz suları ilə də, yəqin ki, elə o zamanlar yuxuda tanış olmuşam.

Məryəm gülləri çəkir. O güllərin də bir qismini, yəqin, həyatda tapmaq çətindir, ancaq bir qismi də həyatda olduğu kimi, yəni real bir oxşatma ilə çəkilib və ən qəribəsi, təsirlisi də budur ki, Məryəmin çəkdiyi o real ağ, qırmızı qızılgülləri də, günəbaxanı da, yasəməni, lalələri də mən, elə bil, həyatda yox, elə həmin yuxularda görmüşəm.

Bizim gözəl yuxularda gördüklərimizi Məryəm həyatda görür. Məryəmin natürmortları, mənzərələri həyatda bizim görə bilmədiyimiz, yalnız yuxulardan xatırlaya biləcəyimiz natürmortlar, mənzərələrdir. Elə bil, biz Məryəmin albomunda gördüklərimizi o uzaq yuxulardan oyandıqdan sonra unutmuşduq, indi isə bu rəsmlər onları bir-bir bizim yadımıza salır. Bəlkə də, elə buna görə, albomu vərəqlədikcə, biz Məryəmin rəsmlərindəki hisslər aləminin tər-təmizliyini, şəffaflığını artıq yuxularda yox, reallıqda (bizim reallığımızda!) az qala, cismən hiss edirik.

Məryəmin çəkdiyi şirlər, tülkülər, itlər, xoruzlar dünyanı ən məsum və mehriban məxluqatıdır. Həm də onlar çox sadəlövhdürlər və onların bu sadəlövhlükləri səmimiliklərindən gəlir; o şirlər, tülkülər, itlər, xoruzlar nə qədər sadəlövhdürlərsə, bir o qədər də səmimidirlər.

Məryəm günəşi çox sevir, tez-tez qatı sarı boyalarla günəşi çəkir və onun günəşlərinə baxarkən, adama elə gəlir ki, günəş də eyni təmiz bir sevgi ilə Məryəmi sevir; yəqin elə buna görə də, onun hətta günəş olmayan şəkillərində də eləcə tər-təmiz günəş istisi, hərarəti var.

Məryəmin qırmızı, sarı rəngli atlarını, qırmızıburun kenqurusunu, iri-iri göy, yaşıl, bənövşəyi xalları olan zürafəsini, mavi zolaqlı zebrini, qırmızı-sarı-yaşıl xoruzunu, kontrast rənglərlə boyanmış kəpənəyini bu qədər işıqlı və emosional edən də elə həmin isti, həmin hərarətdir.

Məryəmin əsərləri işıqlı rənglərin improvizasiyası ilə ifadə olunan sevgi,
bəzən də nostalji bir sevgi ilə dolu olan melodiyalardır

                                                                                                                         Jeni di Bert,
Roma Zərif Sənətlər Universitetinin professoru
 
 
Məryəm – bu gənc qız bir meteor sürəti ilə Azərbaycan rəngkarlıq sənətinə daxil oldu və o zaman mən onun əsərlərinin sirli-sehrli təəssüratı altında “Məryəmin missiyası” adlı bir yazı yazdım.

Mən “Məryəmin missiyası”nı 2011-ci ilin yanvarında yazmışdım və o vaxtdan düz beş il keçib.

Bu gün Məryəm, şübhəsiz ki, beş il bundan əvvəlki Məryəm deyil, ancaq eyni zamanda Məryəm, yenə də şübhəsiz ki, həmin Məryəmdir və bu sözlərdə heç bir paradoks yoxdur, söhbət istedadın özünüifadəsindəki, bəlkə də, bu beş ilin zaman çərçivələrinə sığmayan bir inkişafdan və eyni zamanda, bu inkişafın sürəti müqabilində o istedadın mənəvi ünvanının – məxsusiliyinin qorunub saxlanmasından gedir.

Bu beş ildə artıq, professional rəssam Məryəmin əsərləri Bakıdan başqa, Berlində, Moskvada, İstanbulda, Ankarada, Romada, Dovildə, Riqada, YUNESKO-da nümayiş olunub və sənətsevərlər, tamaşaçılar bu əsərləri dəfələrlə Paris sərgilərində də görüblər. Həmin sərgilərdən birini mən xüsusi qeyd edirəm: 2015-ci il iyun ayında Art Şoppinq festivalı çərçivəsində Luvr muzeyinin Karusel qalereyasında Məryəmin işlərinin sərgisi keçirildi və gənc bir azərbaycanlı rəssamın Luvrda sərgisinin keçirilməsi yalnız gənc rəssamlarımızın həyatında deyil, ümumiyyətlə, Azərbaycan rəngkarlığında bir hadisə oldu.

Bu beş ildə Məryəmin haqqında bədii-sənədli film çəkildi, televiziya verilişləri göstərildi, onun yaradıcılığı ilə bağlı Azərbaycanın da, xarici ölkələrin də mətbuatında məqalələr dərc olundu, görkəmli fransız, ingilis, rus, türk sənətşünasları yüksək fikirlər söylədilər.

Və bütün bunlarla bərabər, bu beş ildə Məryəmin tablolarında onun mənəvi dünyasındakı həmin sirr-sehrin ifadəsi zərrə qədər də azalmayıb – o sirr-sehr ki, mən misal üçün, onun beş il bundan əvvəl yağlı boyalarla çəkdiyi böyük bir tablosuna ilk dəfə baxanda – yalnız dəniz suları və gömgöy üfüq boyu ağ-göyümtül buludlar – birdən-birə mənə elə gəldi ki, əsatirdə olduğu kimi, naqqa balığının udduğu Yunus peyğəmbər elə Məryəmin bu dəniz sularında gəzib.

O sirr-sehr nəinki azalmayıb, əksinə, dərinləşib, bədii-estetik mündəricatı daha geniş bir miqyasa yiyələnib və Məryəmin tablolarındakı, batiklərindəki, qrafikasındakı professionallıq, onun bədii-estetik özünüifadəsindəki məsumluğa, paklığa, zərifliyə heç vəchlə mane olmayıb, təsir etməyib.

Bu beş ildə Məryəmin yaradıcılığında reallıqla irreallıq qoşa addımlayıb: bir tərəfdən real mavi güldanda real qırmızı qızılgüllər, başqa bir tabloda real ağ qızılgüllər, daha başqasında real kalla gülləri, yaxud gül dəstəsindən və meyvələrdən ibarət real natürmortlar, yaxud da Mərmərə dənizinin real bir gecə mənzərəsi və birdən də… qırmızı fəzada ağappaq bir günəş.

O ağappaq günəş real gömgöy dəniz sularında qırmızı şəfəq saçır və sən bunu qəbul edirsən, təbii sanırsan, səni qətiyyən təəccübləndirmir ki, günəş niyə ağappaqdır, sən qətiyyən bir anlaşılmazlıq hiss etmirsən ki, ağappaq günəş dənizdə qırmızı şəfəq saçır, çünki Məryəmin tablolarındakı reallıqla irreallığın təbii bir vəhdəti var.

Bütün bu tablolar mövzusundan asılı olmayaraq, əslində, Məryəmin daxili aləminin ifadəsidir və o bədii-estetik vəhdəti də məhz həmin daxili aləmin, oradakı təmiz və incə hisslərin fırça ilə kətana köçürülmüş inikası yaradır.

Elə buna görə də, onun dəst-xətti məxsusidir, müəllifini seçdirən, tanıdandır və rəngkarlıqda ən populyar bədii predmetlər belə, Məryəmdə orijinaldır.

Baxın, Azərbaycan rəngkarlığının ən çox sevdiyi bədii predmetlərdən biri, bəlkə də birincisi nardır və Toğrul Nərimanbəyovdan tutmuş Niyaza qədər bizim istedadlı rəssamlarımızın hərəsinin öz məxsusi narı var – Məryəmin də işlədiyi narlar beləcə məxsusidir, başqasının yox, onunkudur, onun gördüyü və onun mənalandırdığı narlardır.

Məryəmin akril boyaları ilə çəkdiyi xalçalardakı naxışlar, əslində, beş il bundan əvvəl də, bu gün də bilavasitə kətana köçürülmüş xalça naxışlarından ibarət deyil, bu xalçalar onun görmək istədiyi, təsəvvüründə canlandırıb gördüyü xalçalardır və onlara baxanda hər dəfə məndə elə bir təəssürat yaranır ki, bu xalça naxışlarının, bu rənglərin və həmin naxışların bir-biri ilə belə bir ünsiyyətinin informasiyası genetik olaraq Məryəmin yaddaşına hopub, onun istedadı isə bəzi məqamlarda hətta bir ilahi şövqü, ilahi təlqini ilə onları kətan üzərində, batiklərdə ifadə edir.

Məryəmin rəsmlərindən, elə bil, zərif yaz çiskini kimi, ətrafa bir məhəbbət çiskinləyir və bu məhəbbət çiskinin – narın məhəbbət yağışının – konkret bir ünvanı yoxdur, onun üçün yaş, irq, din fərqi mövcud deyil – bu məhəbbətin ünvanı yalnız bəşəriyyət də deyil, çünki bu məhəbbət üçün hətta canlı ilə cansız arasında da fərq yoxdur – bu məhəbbətin ünvanı, ümumiyyətlə, həyatdır, dünyadır, kainatdır.

Bu məhəbbətdə mənim üçün aşkar bir mərhəmət təbəssümü də var, xüsusən Məryəmin son dövrlərdə işlədiyi “Azərbaycan muğamları” silsiləsi və digər süjetsiz batikləri, elə bil, insanları barışdırmaq, qarışqanı belə tapdalamaqdan çəkindirmək istəyir – “Azərbaycan muğamları”nın doğurduğu o mərhəmət hissiyyatında, mənim üçün bir “Tolstoy mərhəməti” var.

Məryəmin “Azərbaycan muğamı” silsiləsində, karandaş və anilinlə çəkilmiş batiklərdə, elə bil, rənglərin – o yaşılın, alın, göyün, sarının… – içində səslərin də rəngi var və mən şübhə etmirəm ki, muğama bələd olan, muğamı başa düşən və sevən həssas tamaşaçı bu batiklərin dərinliklərinə varanda muğamın da, muğamla köklənmiş xalq mahnılarımızın da avazını hiss edir, Seyidin “Arazbarı”sının, ya Malıbəyli Həmidin “Yetim segah”ının, Ağabala Abdullayevin “Zabul”unun, Xanın “Nəbi”sinin, ya Yavər Kələntərlinin “Küçələrə su səpmişəm”inin, ya da başqa böyük sənətkarlarımızın qədimlərdən süzülüb gələn zümzüməsini eşidir.

Mən Məryəmin yenə də son vaxtlar çəkdiyi “Qobustan” silsiləsinə ilk dəfə baxanda, gözlənilmədən otuz il bundan əvvəl Karfagen xarabalıqlarında rastlaşdığım bir möcüzəni xatırladım: o xarabalıqda (keçmiş bəşəri mərkəzlərdən birində!), insanların və əsrlərin söküb, dağıtdığı uçuqların arasında ucalan nəhəng bir zeytun ağacının üç min ilə yaxın yaşı var idi (o ağac Tunisin milli sərvəti hesab olunur). Karfagen şəhərinin və dövlətinin əsasını qoymuş əfsanəvi Finikiya çariçası Elissanın müasiri olan (!) bu zeytun ağacı yenə də üç min il bundan əvvəlkitək təzə-tər meyvələr yetişdirirdi.

Və elə bil, fantasmaqorik yox, gerçək bir hadisə baş verib: qədim Qobustan da Məryəmin genetik yaddaşında yenidən oyanıb və min illərdən sonra gənc bir qızın daxili aləmi və istedadı ilə kətanlarda, batiklərdə özünü ifadə edib.

Məryəmin “Qobustan” silsiləsi də Qobustan qaya rəsmlərinin sadəcə olaraq yağlı boyalarla kətana, yaxud da anilinlə, qələmlə ipəyə köçürülməsi deyil, bu kətanlardakı, batiklərdəki Qobustan fiqurlarını Məryəm tamamilə özününküləşdirib (onun xalçalarında olduğu kimi!) – bu işlərin koloriti, onların aşıladığı obrazlı düşüncənin mahiyyəti və keyfiyyəti fərqlidir – bu kolorit, bu obrazlı düşüncə minilliklər yolçusudur və qərinələri aşa-aşa Qobustan qayalarından Məryəmin tablolarına keçərək, geniş bir düşüncə bazisi əldə edib.

Qədim insan Xəzərin sahillərində yəqin ki, balıq ovuna çıxdıqları qayıqları daş ilə döyəcləyərək qaya parçaları üzərinə həkk edib və bu ibtidai qayıqlar min illərdir ki, bizə miras olaraq, o qaya parçalarının üzərində donub qalıb.

Məryəmin dəniz sularının göy və mavi fonunda çəkdiyi qızılı rəngli Qobustan qayıqları isə, elə bil, yenidən canlanıb – onlar bu minilliklər ərzində daima hərəkətdə olub, üzə-üzə epoxaları keçib gəliblər və onlar uzaq və naməlum (bizim üçün naməlum, ancaq Məryəmin özü üçün məlum olan!) gələcəyə doğru yollarına davam edirlər.

Və Məryəmin gələcəyə gedən qayıqlarına baxdıqca, məndə elə bir hissiyyat yaranır ki, elə bil, mən özüm də o qayıqların içindəyəm və bilmirəm, o məchul gələcəkdə məni nə gözləyir – bu hissiyyatda maraq dolusu bir nigarançılıq var, ancaq bu, əgər belə demək mümkünsə, qorxusuz-hürküsüz bir nigarançılıq, xoş bir nigarançılıqdır.

Bu hissiyyat bu gün artıq uzaq (və əbədi!) bir keçmişdə qalmış başqa bir xatirəni mənim yadıma salır: aspirant vaxtlarımda ilk dəfə turist kimi xaricə getmişdim (ilk dəfə SSRİ-nin beton sərhədini keçmişdim!) və Vyanada olarkən uzun müddət Müqəddəs Stefan kilsəsinin qarşısında dayanıb, sosrealizm arxitekturasına (Stalin arxitekturasına!) alışmış gözlərimi bu qotik möcüzədən çəkə bilmirdim.

Və mən Müqəddəs Stefan kilsəsinin əsas qülləsinə baxa-baxa bu nəhəng və uca qülləni aşağıdan yuxarıyacan gözdən keçirərkən, elə bir hissiyyat yaşayırdım ki, elə bil, özüm də öz baxışlarımla birlikdə yuxarı – qüllənin zirvəsinə uçuram və bu qotik möcüzə məni qübbeyi-minaya aparır.

Burası da, yəqin, qəribə bir cəhətdir ki, Məryəmin işləri məni tez-tez keçmişə apararaq, hərdən yaddaşımın hansısa dərinliyində ilişib qalmış bir xatirəni gözlənilmədən yadıma salır və burada, əlbəttə, Məryəmin yaradıcılığına xas olan bədii dinamika xüsusi rol oynayır.

Hərəkət, dinamika Məryəmin rəngli boyalarla çəkdiyi rəsmlərini də, batiklərini də canlandıran, bu işlərin bədii-estetik dəyərini müəyyənləşdirən çox mühüm bir xüsusiyyətlərdən biridir və buna görə də, elə bil, bir meh əssə, misal üçün, onun çəkdiyi gül dəstələrinin yarpaqları, yaxud lalələrin ləçəkləri titrəyəcək.

Ancaq mən yenə Qobustan silsiləsinə qayıdıram.

Qədim insan nizə ilə ov səhnələrini qayalara həkk edib və Məryəmin bu mövzuda çəkdiyi rəsmlərdə o qədim insanın əlində nizə var, ancaq elə bil, o qədim insan indicə o nizəni atacaq və o nizə bütün sədləri keçərək, uça-uça minillikləri adlayacaq.

Mən Məryəmin rəsmlərindəki məhəbbətin doğurduğu mərhəmət təbəssümü barədə dedim, ancaq eyni zamanda, o məhəbbətdə mənim üçün bəzən bir nigarançılıq, hətta aşkar bir narahatlıq hissiyyatı da var.

Məryəmin çəkdiyi o qədim insanın atdığı nizə mənim təsəvvürümdə dayanmır, uçuşuna davam edir və o nizə gələcəyə uçur.

Yəqin elə buna görə də, bu tablolar – Məryəm istedadının improvizasiyası! – birdən-birə unudulmaz Əli Kərimin “Daş” şeirini mənim yadıma saldı və şeir əzbərləmək səriştəsi olmayan bir adam kimi, özüm də heyrət etdim ki, sən demə, bu şeiri indiyəcən əzbər bilirəm:

Yarıçılpaq,

Qədim insan

Düşməninə bir daş atdı,

Qana batdı.

Daş düşmədi

amma yerə,

Uçub getdi

Üfüqlərdən üfüqlərə.

Deməyin ki, daş yox oldu,

Daş çevrilib, bir ox oldu.

Oldu qılınc,

güllə,

mərmi.

Dayanmadı fikir kimi.

Atom oldu.

Meridianı qırıq-qırıq,

Arzuları zərrə-zərrə,

Okeanı para-para

Edib keçdi…

Həmin o daş

İndi yenə dayanmayır,

uçur hara?

O, neytron, elektron –

Dönüb

nələr,

Nələr olur.

Alov olur,

ölüm olur,

zəhər olur.

Ey həməsrim,

Həqiqətin qan qardaşı,

Dayandıraq, olmazmı, bu

Yarıçılpaq,

yarıvəhşi

Qədim insan

atan daşı?!

O qədim insanlar əl-ələ verərək rəqs edirlər və onlar bu rəqsləri də qaya parçasına həkk ediblər.

Onlar Məryəmin də işlərində rəqs edirlər və ilk baxışdan bu işlər Matissin “Rəqs” variasiyalarını xatırladır – bəlkə də ona görə ki, bədii-estetik lakoniklik Məryəmin işləri üçün də xarakterikdir, onun “Qobustan” silsiləsindəki rəqs lövhələrində artıq detallar, bu lövhələrin tam, bütöv qavranışına mane olan ştrixlər yoxdur.

Ancaq Məryəmin Qobustan rəqsləri Matissi yalnız yada salır, çünki bu işlərdə Məryəm Matissi yamsılamaqdan çox uzaqdır, o, yenə də öz daxili aləmini, özünün bizim üçün məlum olmayan zəngin sirlər dünyasını ifadə edir.

Mən “Məryəmin missiyası”nda yazmışdım ki, onun naxışları, işarələri piktoqrafik yazıları, Şumer, Orxan-Yenisey, Misir əlifbalarını xatırladır, elə bil, onlar sadəcə naxışlar, işarələr yox, başqa bir sivilizasiyanın bizə göndərdiyi kodlardır.

Mən bunu ona görə xatırladım ki, Məryəmin Qobustan silsiləsində o naxışlar, işarələr bir tərəfdən professional bir kompozisiya qurur, tabloları, batikləri tamamlayırsa, o biri tərəfdən də (və bu mənim üçün Məryəmin işlərində çox vacib bir xüsusiyyətdir!), elə bil, bu detallarda kosmos ilə bir ünsiyyət var və mənim üçün bu, heç vəchlə mistik bir cəhət deyil, əksinə, Məryəmin özünüifadəsi ilə tamam üst-üstə düşən təbii bir xüsusiyyətdir.

Bir mühüm cəhət də var: Məryəmin məxsusi estetik dəst-xətti ilə çəkilmiş o tablo və batiklərdə qədim qayıqların, qədim heyvanların, dediyim həmin naxışların əhatəsində, rəngarəng – yaşıl, qırmızı-narıncı, göy… – fonlarda rəqs edən fiqurlar açıq-aşkar bir (əgər belə demək olarsa və güman edirəm ki, indiki kontekstdə demək olar!) bəşəri aura altındadır və elə buna görə də bu rəsmlərdə ümumbəşərilik var.

Məryəmin “Qobustan” silsiləsində rəqs edən, ova çıxan o qədim insanlara baxarkən mənə elə gəlir ki, o insanlar hətta Adəmdən də əvvəl yaşamış tayfaların nümayəndələridir.

Rənglərinin istiliyindən-soyuqluğundan, eləcə də mövzusundan asılı olmayaraq, mən hər dəfə Məryəmin xüsusən bu beş ildə işlədiyi işlərə baxarkən, həmişə də onları həmin aura altında görürəm.

Bu ümumbəşərilik Məryəmin bədii özünüifadəsinin təbii, hətta üzvi tərkib hissələrindən biridir, çünki – buna da mənim heç bir şübhəm yoxdur – Məryəmin özünün də başının üzərində sirlərlə dolu zəngin bir aura durur və biz o aura altında yaradılanları görürük.

Professor Olqa Sviblova Məryəmin sənəti və şəxsiyyəti haqqında yazır ki, “rəng və kompozisiya hissinə, sanki, yaranışdan malik olan” Məryəmdə “adamın fikrini cəmləyən elə bir işıqlı enerji var ki, o, nəyə əl vurursa, həmin şey adamı özünə çəkir”.

Çox dəqiq müşahidədir.

Məryəmin rəsmləri də, şəxsiyyəti də belə bir enerji saçır və bu – başdan-başa müsbət bir enerjidir.

Türk rəssamı və sənətşünası Elizabet Ayten Berent isə Məryəmə müraciətlə deyir ki, “sən – öz ruhlarının və daxili “mən”lərinin əldə etmək istədiklərini əldə etmək iqtidarında olmadıqlarını düşünən bütün insanlar üçün bir nümunəsən”.

Doğru və gözəl sözlərdir.

Parisdə təhsil alan Məryəm, eşitdiyimə görə, indi silsilə “nyu” rəsmlər çəkməyə başlayıb.

Əvvəllər də Məryəm yağlı boyalarla çəkdiyi bir sıra “nyu” xarakterli tabloları var və xüsusən onun çox ifadəli musiqiçi qızlarını qeyd etmək istəyirəm, ancaq Məryəmin “nyu” tipli işlərini xatırlayanda mənim yadıma ilk növbədə onun pastel ilə çəkdiyi bir qrafikası yadıma düşür: oturub, dizini qucaqlayaraq, üzünü yana çevirib uzaqlara baxan o qızın iri gözlərində elə bir ifadə var ki, mən deyə bilmərəm, bu kədərdir, yoxsa o qız hansısa gözləntinin ərəfəsindədir, bəlkə bu, dəruni bir biganəlikdir, yoxsa nəyinsə nostaljisidir?

Və bu sualları xeyli uzatmaq olar.

Mən dedim ki, o qız gözlərini uzaqlara dikib, ancaq indi, bu sözləri yazarkən fikirləşirəm ki, mənim üçün uzaq görünən o məchul məkanda Məryəm üçün heç bir naməlumluq yoxdur – Məryəm o gözlərin hara dikildiyini bilir və görür.

Məryəmin bütün işlərində bir fəhm var və Məryəmin fırçasını, qələmini də mənim üçün məchul olan o uzaqlara həmin fəhm aparır.

Mən yenə də bu sözləri yazıram və bu dəfə Məryəmin bir-iki il bundan əvvəl çəkdiyi avtoportreti xatırlayıram. O portretdə Məryəmin şəffaf eynək şüşələri arxasından baxan gözlərində heç bir təəccüb, heç bir naməlumluq yoxdur və onun üçün hər şey aydındır.

Bizim klassik ədəbiyyatımızda ərəbcədən gəlmə bir “fəthülbab” sözü var, yəni hansısa bir qapını açmaq, nəyi isə həll etmək və Məryəmin o aydın baxışları, aydınlıq içində olan o gözləri məhz bir fəthülbabdan xəbər verir – buna qətiyyən şübhəm yoxdur ki, şəxsən mənim üçün bağlı olan qapılar Məryəmin bədii təfəkküründə taybatay açıq qapılardır.

Elə buna görə də onun bütün çəkdiklərini aydınca görən gözləri onun fırçası ilə bizi hələ çox heyrətləndirəcək.

Və mənim buna da şübhəm yoxdur ki, Məryəmin “nyu” silsiləsində biz yenə də yeni bir Məryəm görəcəyik.

Bu barədə isə, əlbəttə, ayrıca danışacağıq.

17 yanvar 2016

Məryəm! Sevilən və bizi özünə heyran edən bu qız Allahın yaratdığı ən gözəl övladlardan biridir. O, bizə bizləri daha yaxşı insanlar ola bilməyimiz üçün verilibdi. Başqalarına qarşı daha anlayışlı olub şəfqətli davranmağımıza yardımçı olmaq üçün verilibdi. Bu gözəl bala özünün mənəvi aləminin duyğularını ifadə etmək üçün bir vasitə olaraq fırça ilə kətanı seçdi. Bəzi insanlar özlərindən fərqli olanların ruhuna nüfuz edə bilir və gördüklərini səmimiyyətlə qəbul edir, bəyənir və qiymətləndirə bilirlər.

Neçə-neçə rəssamlar var ki, öz dünyaları ilə yaşayırlar, bəziləri də öz fantaziyalarını və yaradıcı şəxsiyyətlərini rəsmlərində əks etdirirlər. Elələri də var ki, sadəcə sənətləri bu olduğu üçün və məhz bu məsləkdən zövq aldıqları üçün rəsm əsərləri yaradırlar. Rəsm əsəri çəkmək üçün səbəb nə olursa olsun, hər bir rəssam yaratdığı hər bir əsərində öz canının bir parçasını qoyur. Peşəkar olanlar əsas etibarilə müəyyən forma və mövzuları qoruyub saxlamağın tərəfdarıdır, eyni zamanda çox sayda rəssamlar da var ki, daxili aləmlərini, düşüncə və hisslərini kətana hopdurmağa çalışırlar.

Məryəmin əsərlərində biz bunların hamısını bir yerdə görürük. Qəlbinin saflığı ona bütün duyğularını göstərmək imkanı verir. Onun rəsmləri gözəl bir çiçəyi təqlid etməyin zövqü ilə ucsuz-bucaqsız bir dənizi kətana sığdırmağa çalışmağın doğurduğu naümid vəziyyət arasında dəyişməkdədir. O, özünün yaratdığı adi, bəsit və məsum heyvan rəsmlərindən mürəkkəb portretlərə qədər bir yol getməkdədir. Bunların da hamısı onun qəlbinin hər gün, hətta hər saat yaşadığı həyəcan dolu bütün hiss və duyğuların bir parçasıdır. Bu öz hisslərini büruzə verməyin və ifadə etməyin məhz onun özünə xas olan yoludur.

Əsərlərinə baxdığımız zaman adama elə gəlir ki, daxili mənəvi gücünü görə bildiyi üçün, hisslərini hər kəslə paylaşa biləcək şəkildə çatdırmağa müvəffəq olduğu üçün o bəxtiyardır. Özünün sakit və xoşbəxt dünyasında yaşayan, kətan üzərində oynaya və içərisindəki xəyal gücünü təsvir edə bilən bir çocuq. Bütün insanlar kimi onun da qəlbində qəm, kədər, nəşə, narahatlıq, nifrət və məhəbbət duyğuları vardır. Yaratdığı hər rəsm əsəri ona öz hisslərinin öhdəsindən gəlməklə yanaşı, eyni zamanda onları bölüşmək imkanı da yaradır. Bu rəsmlərin hər biri onun o anda nə söyləməyə çalışdığını və nələr hiss etdiyini göstərən fərqli və özünəməxsus keyfiyyətlərə malikdir. Onun ehtiyac duyduğu şey heç də sadəcə hansısa bir yeni əsərinin müəllifi olmaq deyil, daha çox öz varlığının dərinliyindəki gözəlliyi kətana hopdurmaqdır. Ruhunun saflığının içərisindən gələn bir gözəllik.

Çox az adam həqiqətdə baxdıqları şeyləri nadir hallarda görə bilir, çünki zehinləri bir çox digər şeylərlə qarmaqarışıq haldadır. Məryəm çox-çox dərinləri görməkdədir. Onun sadə, saf qəlbi baxdığı nə varsa hamısını görməyə imkan verir. O, hər nəyə nəzər yetirirsə hamısının aurasını ve işığını görə bilir. O, rəngləri, gözəlliyi, sadəliyi və kainatın bütün gözəlliklərinin ənginliyini görəcək qədər dərinlərə baxır. Necə şərh eləmək isə artıq onun öz qərarıdır. Hətta əgər predmet solğun və ya cansıxıcı olsa belə, içərisinə dolan işıq kətan üzərində parlaq, canlı və həyəcanlı nəticələr doğurur. Onun qəlbi təmizdir və beləcə hər şeyi həyəcanlı və gözəl rənglərdə görür. Onun rəsmlərinin çoxusu möhtəşəmdir, digərləri isə bəlkə özünün sükut və barış dolu dünyasına bir qaçışıdır. Dünyanın görməsi için xatirələrimizi canlandırarkən hamımızın baş götürüb gedəcəyimiz, əmin-amanlıq içində bir yerimizin olmağı nə qədər gözəlmiş!

Məryəmə yol göstərmək və onu yetişdirmək üçün bu qədər çox sayda insanın açıqqəlbliliklə el uzatması möhtəşəm bir şeydir. Bu insanların göstərdikləri səylər sayəsində onun nə qədər irəlilədiyini görmək mümkündür. Onun parlaq canlı rəngləri hələ varlığını qoruyub saxlamaqdadır. Onlar hər zaman olacaqlar, çünki onun inanılmaz enerji axışı bunu tələb edir. İrəliyə doğru atdığı hər bir addımla onun rənglər, fırçalar və kətanla çalışmaqda özünə inam hissi artır, həyatı yaxşılaşır, əsərlərinə görə daha çox qürur keçirir. Bunlar hamısı onu şəxsiyyət olaraq mənən, cismən və zehni baxımdan daha güclü insan edir. Bu proses özünü qabil görməyən hər kəs tərəfindən mənimsənilməlidir. Əsl həqiqətdə lazımlı olan nədir – cidd-cəhd, sədaqət, özünə inam, sevgi, dəyanət? Məryəm ona dəstək olan ailəsi və dostları ilə birlikdə bütün bəşər övladı üçün bir örnək halına gəlməkdədir. Yorulmaq bilmədən çalışmağı sayəsində o bir şəxsiyyət olaraq yüksəlmişdir. Elə əslində bizlərdən hər birimizin istədiyi də məhz budur.

Yolun uğurlu olsun, kiçik qız. Gözlərində işıldayan sevginin parlaq işığını bizimlə bölüşməyə davam et! Sən daxili “mən”i və könlünün, görmək istədiyi işləri tamamlamağa yetəcək qədər yaxşı olmadığını düşünən hər kəs üçün bir örnəksən.

Təhsilin əhəmiyyətini qəbul edən cəmiyyətlər hər kəsin fəal rol oynaya biləcəyi bir təhsil sistemi meydana gətirirlər. Fərqliliyi nə olur olsun belə cəmiyyətlər bütün uşaqları bu sistemin bir parçasına çevirirlər. Həmin fərqlilik içində elə hadisələr meydana çıxmağa başlayır ki, onlar bizlərə daha çox enerji, daha çox həyat sevinci bəxş edir. Sanki yaşadığımızın yenidən fərqinə varırıq. Bax həmin fərqi yaradanların biri də məhz Məryəm Ələkbərlidir. Daun sindromlu bir istedad.

Dünyada bu cür fərqli insanlardan bir çoxunun cəmiyyət həyatının fəal üzvü olduğunu bilirik. Zehni, sosial və hissi yöndən inkişafları təhsilin bir parçası halına gətirilən və digər uşaqlar kimi dəstəklənən bu fərqli insanlar bacarıqlı və qabiliyyətli olurlar. Onlardan bir çoxunun adı aktyor, aktrisa, musiqiçi, idmançı və fiber sənətçisi kimi tarixə yazılmışdır. Məryəm Ələkbərli də tarixdə Daun sindromlu məşhur bir rəssam olaraq qalacaq. Yaratdığı rəsmlərlə o öz qabiliyyətini və şəxsiyyətini sübuta yetirmiş və düşüncələrini ifadə etmişdir. Daun sindromunun xəstəlik deyil, bir fərqlilik olduğunu xatırladığımız zaman Məryəmin özünə xas təbiətiylə yaradıcılıq istedadı və düşüncələrinin var olduğunu qəbul etmək çox təbiidir. İnanıram ki, Məryəm daha neçə-neçə işin də öhdəsindən gələcəkdir. Əhəmiyyətli olan yaşadığımız cəmiyyəti yalnız normal inkişafa qabil fərdlərin deyil, inkişaf qüsurlu olmalarına baxmayaraq əngəl tanımayan fərdlərin də dəyişdirdiyi gerçəyidir.

Məryəmin çəkdiyi rəsmlər böyük təsiredici qüvvəyə malikdir. Təbii ki, Məryəmin çəkdiyi şəkillərin bədii və texniki tərəflərini qiymətləndirmək sənətşünasların və rəssamların işidir. Ancaq rəsmlərin məndə oyandırdığı duyğunu paylaşmaq istəyirəm. Çəkdiyi şəkillərdə Məryəm sanki xəyallarını və yetişəcəyi nöqtəni söyləyir bizlərə. Ayrıca çöhrəsində özünə inam, baxışlarında həssaslıq var. Bilirəm ki, bu özünəməxsus düşüncə tərzinə malik olan insanlar ağlımıza gətirə bilmədiyimiz bir çox sahələrdə yüksək nailiyyətlər qazanan və bunu da sübuta yetirən fərdlərdir. Məryəm bu bacarığını və fərqli olduğunu özü də çoxdan sübut edibdir.

Fikirlərimi Daun sindromluların bir sözüylə bitirmək istəyirəm: “Dünyada hər kəs 21 xromosomlu olsa, bəlkə də dünya daha yaxşı, savaşsız və xudbinliklərin olmadığı bir yer olardı”. Onlar fərqli uşaqlardı. Təbriklər, fərqli bala… Təbriklər, Məryəm…

Məryəm Ələkbərlinin rənglər dünyası yaradıcılıqla həyatın, hissiyyatla sənət dilinin daxilən sarsılmaz bağlılığının rəmzidir. Gənc azərbaycanlı rəssam sirr-sehr dolu əsrarəngiz dərinliklərə dalaraq, sanki məşhur əsərin qəhrəmanı Alisa tək əlimizdən tutub öz ardınca bizi yuxuların, xəyalların və gerçəkliklərin qovuşduğu bir aləmə aparır. Bu – həqiqət və səmimiyyət aləmidir, heyrət və tapıntılar dünyasıdır. Bu elə bir ilham qaynağıdır ki, bizə “uşaqkən çəkdiyim rəsmlər kimi çəkə bilməyi öyrənməyim üçün bir ömür sərf etməli oldum” söyləyən Pikassonun yaradıcılıq yolunu, “gözəlliyi fitrətən duymaq hissi gizlində qalmağı əsla mümkün olmayacaq bir ilahi vergidir” və “…sənətkar öz daxili aləmini ifadə etməli və vicdanının səsinə qulaq asmalıdır” deyən Kandinskinin düşüncələrini, “…bu aləmdə gözəlliyə ruhdan daha çox can atan və ruhun özündən daha gözəl heç nə yoxdur” söyləyən şair və esseist Meterlinkin mülahizələrini xatırladır.

Rəsmlər, qarışıq texnika və ipək üzərində batik sanki enerjiylə, zərif güclə və mahir ifadəsini tapmış ahənglə dolub daşır. Həmin əsərlərdə emosiyaların bir sintezi var, burada rənglərin dəyişən çalarlarında və məkana səpələnərək hər biri bir tarix nəql eləyən, özündə varlığın ahəngini yenidən canlandıran işarətlərdə rəssamlıq əsl poeziyaya çevrilir. Məryəmin əsərlərində ruhun öz nəğməsi səslənir.

Onun Azərbaycan torpağının öz ətri duyulan hər bir əsərində zəngin ənənələrə malik qədim Şərqin, qocaman Qafqazın, Mərkəzi Asiyanın mədəni irsinin işartıları vardır. Məryəmin yaratdığı lövhələrdəki “sevgi dolu gərginliyi” müşahidə edərkən hərdən adam elə zənn edir ki, muğamın (şifahi ənənəli Azərbaycan xalq vokal-instrumental musiqisinin) insanın daxilindən gələn və yüksələn avazını eşidilir… Rəssam qəlbinin çırpıntıları həmin avazla həmahəng olub elə bil ürəyindən qopduqca idrakına da hakim kəsilir.

Onun əsərlərində forma ilə rənglər arasında uyarlıq daim tarazlığını qoruyur və elə həmin tarazlıq ya burulğan (axı qarışıq texnika çox dinamik və səmimidir), ya da ki nizə formasında (batik: nişan və simvollar) kətanın hüdudlarını aşaraq bütün məkanı fəth eləyir. Bu əsərlərin hər biri səadəti vəsf edən himndir, təmas nöqtəsi axtarışlarında dünyaya ünvanlanan çağırışlardır. Onlar Məryəmin duyğu və təəssüratlarıyla, mənəvi aləminin titrəyiş və həyəcanlarıyla yoğurulan bir sel kimidir.

Sənət tarixinin böyük yaradıcıları ilə estetik assosiasiyalar məşhur muzeyləri ziyarət edən, Matiss və Qogen yaradıcılığının dərinliklərinə dalan, kubizmdən zövq alan, ekspressionizm və abstraksionizmlə tanış olan, abstrakt ekspressionizmin görüşünü və müasir dövrə xas hərəkət və ismarış dilini paylaşan xanım rəssamın yaddaşında özünü ani aydınlanma kimi təzahür  etdirir.

Onun rəsmlərinin təqdim elədiyi tamaşada fiqurların, formanın, məkanın və işığın oyununu müşahidə etmək olar. Onlarda xromatizmlər çox zaman parlaqdır. Təbiət burada daim təmsil olunaraq özünü bütün təzahürləri və fəsilləriylə büruzə verir. İlin fəsillərinin ahəngi və təkamülün mənbəyi əsərin zamanı aşan mövzusunu meydana gətirir: bu, sürəkli inkişafda olan intəhasız, bitməz-tükənməz ritmdir. Məryəmin təcəssümü olan mənəvi ehtiyacların bir qismi bizə bəllidir, digər qismi isə gizlində qalır və biz hələ onları özümüzçün aşkar etməliyik və çox güman ki, axtardıqlarımız hərdən üzə çıxan bu qara (isti/soyuq, təzə-tər/solğun, parlaq/tutqun rəngin) altında gizlənibdir. Qara rəng zülmətin ifadəsi deyil, o, rəsmin elə ayrılmaz tərkib hissəsidir ki, elə biləsən işığın bir anlığa söndürülməsinə qərar verilib, ancaq bununla yanaşı həmin məkanda daxildən gələn bir aydınlanma var. Hər əsər özündə elə bir hiss-duyğu və məna ifadə edir ki, hər birimiz hər gün onların sorağındayıq və çox güman, dünyanın faniliyinin və həyatın bütünlükdə zərafətinin dərki də daxil, heç birinə heç vaxt yetməyəcəyik.

Məryəmin əsərləri, bəzən hətta həsrət ifadə etsə belə, parlaq rənglərdə ifadəsini tapan sevgi dolu melodiyalara bənzəyir. Onun seçdiyi rənglərin gözəlliyin, bütövlüyün və füsunkarlığın uzlaşmasından doğan vəhdəti sayəsində psixoloji təsir gücü vardır. Məryəm əsasən qırmızı və yaşıl rənglərə üstünlük verir, onlardan daha çox istifadə edir (Delakrua xoş duyğuların yaratdığı sakitliyin ifadəsi üçün məhz bu iki rəngin qarışığını seçərdi). Məryəmin də dünyasında yaşıl – duyğuların, hiss və həyəcanların nəfəsi, təbiətin öz rəngi, həyatı mənalandıran rəngdir. Qırmızı isə – odun-alovun, min bir çətinliklərdən çıxmış gücün-qüdrətin rəngidir. O, hərarət saçan, canlı və parlaq rəngdir. Yaşıl, qırmızı və mavi rənglərin bu şəkildə bir-biriylə təbii qovuşuğundan harmoniyanın, ahəngdarlığın özü yaranır. Məryəm əsərləri üzərindəki yazılarda ağ və qızılı-sarı rənglərə üstünlük verir. Məhz bu rənglərdir ki, həmin tablolarda ümumən kədərin bir göz qırpımında toz zərrəcikləri kimi səpələnərək içərisində yox olub heçliyə qarışdığı gözəlliyin simvoluna çevrilir. Buradakı boyalar və işarətlər hamısı bir bütöv halında həyat eşqi və inam ifadə edir. Bu, olduqca nadir rast gəlinən, unikal bir hadisədir. Belə ki, məna burada obraz və abstraksiya üzərində mütləq hakimdir.

Gənc və istedadlı rəssamın əsərləri bir simfoniyanın təkrarlanan ritmində olduğu tək müəllifinin dərin baxış və intellektual dünyagörüşünü ifadə etməkdədir. Onlar bizi bəşər övladı, cəmiyyət və sənət haqqında düşünməyə vadar eləyir. Onlar zahirən sadə təsir bağışlamağıyla yanaşı, eyni zamanda mürəkkəb mahiyyətlidir və bir daha sübuta yetirir ki, ürək də, mənəviyyat da sənətkar şəxsiyyətinin başlıca cizgiləridir. Heç şübhəsiz, əsl sənətkar üçün gen yaddaşıyla gələn dərin bilgilər və yaradıcılıq qabiliyyəti mühüm amildir, amma hər hansı texniki vasitə və ya imkanlardan faydalanmaq hesabına olsa belə, heç bir fikir, düşüncə və ya konsepsiya fitri istedad olmadan yüksək bədii təsir gücünə malik sənət əsərinə çevrilə bilməz. Əslində Məryəm öz əsərləri ilə bizə bunu dönə-dönə xatırladır.

Məryəmin rənglərin ahəngli düzümünə özünəməxsus yeni baxışı vardır. Çəhrayı-qırmızı, qəhvəyi-sarı, qan qırmızısı, göz qarası rənglər… O, qorxmadan çəkdiklərini öz nuruyla işığa qərq eləyir. Buna yalnız təbiətin iqtidarı çatır. O, ilhamını keçmişin böyük sənətkarlarından alıb, insan vücudunu öz varlığının, öz hisslərinin süzgəcindən keçirərək cismani təbiiliyində təsvir edir. Onun bütün rəngkarlığı – hissiyyat deməkdir. Fırçasının qoyduğu elə bir iz yoxdur ki, özüylə bağlı olmasın. Burada nə əda, nə təkəbbür, nə sentimentallıq yoxdur – yalnız şükranlıq və uşaqlara xas təbiilik var. Perspektivlər onu qorxutmur, qaldı ki, kompozisiyalar ola. İntuitiv duyumu onu peşəkarlığa, qeyri-adi həyat eşqi isə yeni fikir və düşüncələrə sövq edir və beləcə, bir əsərdən digərinə keçdikcə o, həyat naminə mübarizəsini aparır.

Çiçəklər, gəmilər, balıqlar, meyvələr, portretlər, üfüqlər, kərtənkələlər – bütün bu mövzularda o, özünün səadətə qovuşmaq istəyini əks etdirir və günəşin işığına bənzər tərzdə onların içərisində əriyib itir. Bəzi insanlar Məryəmlə bağlı sənət terapiyasından söz açsalar da, mən deyərdim ki, əslində odur bizi müalicə edən. Onun həyat eşqi elə hərarətlidir ki, bizə də sirayət eləyir, axı o hər əsərini elə bil bir göz qırpımında yaradır. Onun bütün rəngkarlığı da sanki birnəfəsə yaranıbdır. O bizə deyir: bir ətrafına boylan, görürsənmi, heç nə biri-birindən ayrı deyil, nə varsa hamısı sənsən.

“Rozmari çimərliyi”, “Luizanın portreti”, “Şarpantyedəki qadının portreti”, “İstirahət” – böyük sənətkarlara layiq bu əsərlər onun yüksəlişini görmək istəyi yaradır, bu sənətin yeni həyat qazanıb qanadlanacağını və ülviyyətə qovuşacağını görmək istəyirsən.

Gənc rəssam olan Məryəm gərək ki, öz vədlərinə əməl edəcəkdir.

Məryəm Ələkbərli Avropa rəssamıdır. Belə ki, onun rəsmlərində Avropa sənətinin böyük ənənəvi janrları təmsil olunur. Mən  onun natürmort, portret, təbiət təsviri, fiqural kompozisiya kimi rəsm əsərlərini nəzərdə tuturam. Bundan başqa, Məryəmnin çəkdiyi avtoportretlər də avropasayağıdır – Luis Korint, Pol Sezan, Edvard Munk və bir çox başqa sənətkarların işlərini xatırlayaq.

Eyni zamanda, onun əsərləri özündə cənub işığını, gözəl rəssamlıq məktəbinin ənənələrini də ehtiva edir. Bu, mötədil, təmkinli tonallığı ilə seçilən latış rəsmləri yox, parlaq boyaları və oynaq naxışları olan başqa bir mədəniyyətin məhsuludur.

Məryəm Paris pedaqoqundan dərs alıb, onun rəsmlərindəki ekpressiya və kolorit isə, öz növbəsində, vətəni Azərbaycandan qaynaqlanır.

İlk baxışda adama elə gəlir ki, Məryəmin rəsmləri özündə spontan, ani təəssüratlar doğurması ilə səciyyəvidir. Ancaq tablolara, xüsusilə də, mənim çox sevdiyim natürmortlara diqqətlə baxdıqda aydın görünür ki, bu əsərlər güclü müşahidələrin nəticəsində ərsəyə gəlib. Belə deməyə əsas verən nədir? Əlbəttə, bu, obyektiv səbəblərlə, təkcə Məryəmin ətraf aləmlə münasibətlərinin özünəməxsusluğu (bu münasibətlər əksərən introvert xarakterlidir və bu, hadisələrin ağır axarını görməyə şərait yaradar) ilə izah oluna bilməz.

Məryəmin yaradıcılığının müstəsnalığı ilə bağlı başqa arqumentlərim var. Mən burada latış rəssam Aya Zarinanın işləri ilə paralellər aparmaq istərdim. O, 80-ci illərin estetik dünyasında ulduz kimi parlayan zaman bir çoxları deyirdi ki, bu rəsmləri uşaq da çəkə bilər. Ancaq uşaq yalnız bir rəsm çəkər, onun digər rəsmlərinin hamısı, eyni lentdən kəsilibmiş kimi, birinci şəklə bənzəyəcək. Sənətkarlığı çeşidlilik, tablodan tabloya dəyişən kalorit zənginliyi şərtləndirir ki, bu da natürmortlarda  özünü daha çox büruzə verir.

Sanki işıqla nəfəs alan, vibrasiya edən fiqurları və fonu minimal vasitələrlə müəyyənləşdirən güclü ifadəliliyi, bəzən spontan xarakterli jestləri də unutmaq olmaz. Onun tablolarındakı insanlar yaşayır, peyzajlar – dəniz, çiçəklər, şəhər mənzərələri də canlıdır.

Məryəmin kataloqunda Parisə həsr olunmuş iki tablo yer alır – Eyfel qülləsi və sevimli Jardin des Plantesi xatırladan bağ mənzərəsi. Bu tablolaları öz evimdə görmək istərdim – gənc rəssam Məryəmin min dəfələrlə çəkilmiş nəsnələri necə orijinal, harmonik, təzə-tər şəkildə işlədiyini təkrar-təkrar müşahidə etmək üçün.

Bununla belə, yuxarıda dediklərimiz onun yaradıcılığının bədii keyfiyyətlərini üzə çıxarmaq üçün yetərli deyil. Mən Məryəmin əsərlərində güclü utopik məqamların – dünyanı harmonizə etmək, nizama salmaq həvəsinin olduğunu görürəm. Onun sənətini, məsələn, neoekspressionizmə aid əsərlərdən fərqləndirən də elə budur.

Görkəmli fransız rəssam Jan Dyubüffenin 1951-ci ildə səsləndirdiyi fikirlər Məryəmin yaradıcılığını çox gözəl ifadə edir. Həmin sözlər bu gün də aktullığını itirməyib: «Rəssam işarələrlə (mənalarla) işləyir və bu işarələr sözlər kimi abstrakt, qısır deyil. Rəssamlıqda mənalar obyektlərin özünə daha yaxındır. Bundan başqa, rəssam canlı substansiyalar olan materiallarla işləyir. Ona görə də, təsviri sənət insana sözlərdən daha uzağa getməyə, nəsnələrin mahiyyətinə yaxınlaşaraq, onları üzə çıxarmağa imkan yaradır. Təsviri sənət həm də arzu olunan nəsnələri çin etmək gücündədir və bu, çox əhəmiyyətli məqamdır. Mən, arzuolunan məqamların az və ya çox dərəcədə gerçəkləşdirilməsini nəzərdə tuturam».

Mən isə Məryəmin özünə və onun sənətinə arzuolunan əməl və hadisələrin gerçəkləşdirilməsi işində uğurlar diləyirəm. Çox vaxt mənə elə gəlir ki, həyat, bizim həyat adlandırdığımız gündəlik vurnuxmalarda yox, özünün  dərin, doğru-dürüst və  maraqlı tərəfləri ilə məhz sənətdə daha real görünür.