Məryəm Ələkbərli 4 iyul 1991-ci ildə Bakı şəhərində anadan olub. Onun təsviri incəsənətə olan marağı hələ erkən uşaqlıq illərindən aşkara çıxmışdı. Təhsilini Bakı və Moskvanın müxtəlif məktəblərində alıb. Hal-hazırda Paris Ali Dekorativ Sənət Məktəbində təhsil alır.

Rəssamın işləri səmimidir. O, forma və rənglərlə cəsarətlə işləyərək parlaq, ahəngdar, təhlükəsiz bir dünya yaradır. Onun rəngkarlığının xüsusiyyətlərindən biri də rənglə işləmə və əlavə kontrastlardan istifadə ilə bağlıdır. Bauxausun banilərindən biri İ.İttenin sözlərinə görə, “iki əlavə rəng qəribə bir cütlük əmələ gətirir. Onlar biri-birinin əksidirlər… və biri-birini maksimum parlaqlıq həddinə qədər oyadırlar…”. Məryəm rəng seçimini məharətlə yerinə yetirir və bu ilk növbədə praktika ilə möhkəmləndirilmiş əsl rəssam intuisiyasının işidir. Onun yaradıcılığının xüsusiliyi də məhz həmin anadangəlmə rəng duyumundadır – başqalarının illərlə zaman sərf edərək öyrəndiyini o, intuitiv olaraq edir. Məryəm Ələkbərlidə Daun sindromu vardır. O, ətrafındakıları qeyri-adi tərzdə qavrayır və tamaşaçıya dünyaya onun gözləri ilə baxmaq imkanını bəxş edir.

Fransız sənətşünas Tierri Düfren Məryəmin işlərini parlaq qiymətləndirərək demişdir: “Məryəmin rəsmlərini və mücərrəd kompozisiyalarını ilk dəfə görəndə onun nə etdiyini və işləri vasitəsilə nəyi göstərmək istədiyini dərhal anladım. Bu ilkin olana qayıdışdır. O məqama ki, bütün formalar sadəcə işıqdan ibarət olur və bu səbəbdən də bərabərhüquqlu olur”. Məryəmin həyatsevər, həzin rəsmləri onun, ətrafımızdakılara qarşı dərin şəxsi yanaşmasını əks etdirir. Texnologiyaların və total rasionallaşmanın hökm sürdüyü müasir dövrdə o, öz rəsmlərinə o qədər səmimiyyət, ahəngdarlıq və mehribanlıq qatır ki, qeyri-ixtiyari olaraq bizdə də həmin hissləri oyadır. Hazırkı xoşbəxt tələbəlik dövründə o, bütün varlığı ilə, qəlbi və ruhuyla var gücü ilə yaradıcılığının inkişafında tamamilə yeni bir mərhələyə qədəm qoyur. Daun sindromlu uşaqları nə vaxtsa və hətta bu gün də digər uşaqlarla birlikdə yaşamaqdan, təhsil almaqdan, cəmiyyətimizin tam hüquqlu üzvü olmalarından məhrum edənlər heç zaman nəzərə almırlar ki, belə uşaqların ətrafdakılara sevinc bəxş etmək kimi unikal bir xüsusiyyəti var. Mahiyyəti etibarilə özü-özlüyündə paradoksal olan incəsənət Məryəmə təbiətə olan məhəbbətini onun bütün təzahürlərində ifadə etmək imkanını bəxş edib.